Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi
Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi (alm. Der Ursprung der Familie, des Privateigenthums und des Staats) — Fridrix Engelsin əsəri.
Fridrix Engelsin "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" kitabında insan cəmiyyətinin inkişafının ilkin mərhələlərində onun tarixinin dialektik-materalist təhlili verilir, qəbilə quruluşunun dağılması və xüsusi mülkiyyətə əsaslanan sinfi münasibətlərin meydana gəlməsi prosesi göstərilir, ailə formalarının təkamülü tədqiq olunur, sinfi hökmranlıq silahı olan dövlətin mənşəyi izah edilir və mahiyyəti açılır, sinifsiz cəmiyyətə – kommunizmə keçilməsi ilə dövlətin məhv olmasının labüdlüyü əsaslandırılır.
Əsər 9 fəsildən ibarətdir. 1–2-ci fəsillərdə qəbilə quruluşunadək insanların həyat şəraitinin təhlili, sinifli cəmiyyətdə ailə-nikah münasibətlərinin inkişafınınn tədqiqi, burjua ailəsinin tənqidi verilir. 3–9-cu fəsillərdə sinifli cəmiyyətdən əvvəlk cəmiyyətin əsas özəyi olan qəbilə quruluşunun xüsusiyyətlərindən bəhs edilir, ibtidai "kommunizm" xarakterizə olunur. Fridrix Engels qəbilə quruluşunun dağılmasını izləyərək, cəmiyyətin qəbilə quruluşunu onun inkişafının yüksək mərhələsində sarsıdan, sonra isə sivilizasiyaya keçməklə əlaqədar olaraq, onu tamamilə aradan qaldıran iqtisadi şərtləri tədqiq etmişdir. Məhsuldar qüvvələrin inkişafı, əmək bölgüsü və onun məhsuldarlığının artması ilə özgə əməyinin məhsullarını mənimsəmək imkanlarının necə yarandığını, insanın insan tərəfindən istismarının və cəmiyyətin düşmən siniflərə parçalanmasının, bunun nəticəsində isə istismarçılar sinfinin məzlum sinfi əzmək silahı olan dövlətin necə meydana gəldiyini göstərmişdir. Fridrix Engels dövlətin müxtəlif konkret formalarını nəzərdən keçirərək onların sinfi təbiətini açıq göstərir, burjua dövlətinin sonrakı inkişaf meyllərini araşdırır.
Fridrix Engelsin "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" kitabı 1884-cü ildə yazılmış və nəşr olunmuşdur.